Suriyada PKK böhranı sona çatır?| Vaxt Dəməşq rəhbərliyinin lehinə işləyir

2025/03/1741584946.jpg
Oxunub: 622     13:34     10 Mart 2025    
Suriya 2024-cü il dekabrın 8-də “Bəəs” rejiminin devrilməsi ilə yeni bir dövrə qədəm qoydu. Suriyada böhranın bitməsi ölkə və region üçün rahatlıq, sabitlik, təhlükəsizlik və əməkdaşlıq vəd edir. Lakin Suriyadakı yeni dövr bəzi yeni çağırışları da özü ilə gətirib. Suriya hökumətinin prioritet məsələlərindən biri ölkədə mərkəzi hakimiyyətin bərqərar edilməsidir. Bununla əlaqədar olaraq, Suriyada vətəndaş müharibəsi şəraitində mərkəzdən asılı olmayaraq formalaşan mülki, inzibati və hərbi strukturların mərkəzi hökumətin çətiri altında birləşdirilməsi lazımdır.

Suriyanın bütövlüyü necə təmin edilə bilər?

Suriyadakı yeni hökumət qısa müddətdə mühüm addımlar atıb və başda silahlı qruplar olmaqla bütün yerli strukturlar mərkəzə tabe olmağa başlayıb. Bu məqamda Dəməşq rəhbərliyinin birlik yaratma səylərində üç bölgə ön plana çıxır. Bu bölgələrdən birincisi Suriya Milli Ordusunun (SMO) nəzarəti altında olan və Türkiyənin terrorla mübarizə çərçivəsində yaratdığı əməliyyat bölgələridir. Bu bölgələrdəki mülki və silahlı strukturların demək olar ki, hamısı qeyd-şərtsiz olaraq Suriya rəhbərliyinə tabe olub. İkinci bölgə Suriyanın cənubundakı Dera, Küneytrə bölgəsindəki keçmiş Azad Suriya Ordusu elementləri və Suveydə bölgəsindəki druz silahlı qruplarının təsirli olduğu ərazilərdir. Suriya hökuməti bu bölgələrdəki aktorlarla apardığı danışıqlarda irəliləyiş əldə edib və az sayda qrupun irəli sürdüyü bəzi şərtlər xaricində inkişaf təmin edilib.

Suriyada birliyin təmin edilməsi baxımından üçüncü və ən problemli bölgə əsas sütununu terror təşkilatı YPG/PKK-nın təşkil etdiyi SDQ-nin nəzarəti altındakı torpaqlar və strukturlardır. Terror təşkilatı PKK/YPG-nin olduğu bölgələrin Dəməşq hakimiyyəti altına girməsi üçün təxminən siyasi və hərbi olmaqla iki üsul var. Suriyalı və xarici aktorların heç biri ölkədə yeni toqquşma mühitinin yaranmasını istəmir və hamı PKK/YPG probleminin diplomatik yollarla həllini istəyir. Buna bağlı olaraq son dövrdə Dəməşq rəhbərliyi ilə “SDQ” arasında danışıqlar aparılır. Bu görüşlərdə bəzi prinsiplər barədə razılıq əldə edilsə də, hələ ki, kritik məsələlərdə razılıq əldə edilməyib. Tərəflər SDQ adından istifadə edən YPG/PKK-nın Suriya ordusuna inteqrasiyası məsələsində razılaşsalar da, problemin əsasında inteqrasiyanın forması dayanır. Suriya Müdafiə Nazirliyi inteqrasiya sazişlərində heç bir silahlı qrupun təşkilati strukturunu qorumasına və yalnız təsirli olduqları coğrafi bölgələrdə xidmət göstərməsinə icazə verməyib. Buna qarşılıq “SDQ” Suriya ordusuna qoşulmağı hazırda nəzarət etdiyi bölgələrdə xidmət etmək və təşkilati strukturunu qorumaq şərti ilə qəbul edir. Belə bir modelin qəbul edilməsi Suriya təhlükəsizlik strukturu daxilində etnik əsaslı muxtar bir quruluşun yaranması və uzun müddətdə Suriyanın unitar strukturunun pozulması deməkdir.

PKK/YPG-nin bu tələbi zamanla Şimali İraq nümunəsində olduğu kimi İraq Kürd Regional Hökumətinin (İKRH) müstəqillik referendumu təşəbbüsünün göstərdiyi kimi Suriyanın ərazi bütövlüyünü pozan hadisələri təhrik edə bilər. İraq və Livan nümunələri etnik və dini ayrılıqlar əsasında yaradılan siyasi və hərbi strukturların sabitlik yarada bilmədiyini göstərib. Əksinə, hər iki ölkə xroniki təhlükəsizlik problemləri, xarici müdaxilələr və siyasi qeyri-sabitliklə mübarizə aparmaq məcburiyyətindədir. Suriyanın geosiyasi əhəmiyyəti nəzərə alındıqda, oxşar bir model qeyri-sabitliyin bütün regiona yayılması riskini özü ilə gətirəcək.

Türkiyə və ABŞ-nin prosesdəki rolu əhəmiyyət daşıyır

Suriyada YPG/PKK-nın əlində saxladığı bölgələrin gələcəyində Dəməşq və “SDQ” arasındakı danışıqlardan daha çox Amerika Birləşmiş Ştatları (ABŞ) və Türkiyənin alacağı mövqe və bu aktorların aralarında aparacağı danışıqlar da həlledici olacaq. Türkiyə Suriya rəhbərliyi ilə paralel olaraq YPG/PKK-nın Suriya ordusuna blok şəklində müəyyən bir bölgədə xidmət göstərəcək şəkildə qoşulmasını “qırmızı xətt” kimi qiymətləndirir. Türkiyə öz dəstəklədiyi SMO komponentlərinin də qeyd-şərtsiz olaraq Suriya ordusuna qoşulmasını təşviq etdi.

ABŞ isə uzun illərdir dəstəklədiyi YPG/PKK-ya Suriyanın gələcəyində rol vermək istəsə də, yeni dövrdə Dəməşq rəhbərliyi və Türkiyənin mövqeyini daha çox nəzərə almaq məcburiyyətindədir. ABŞ-nin Suriyada iki əsas prioriteti İranın təsirini məhdudlaşdırmaq və terror təşkilatı İŞİD ilə mübarizənin davam etdirilməsi idi. Suriyada inqilabdan sonra İranın təsiri böyük ölçüdə aradan qalxmış vəziyyətdədir. İŞİD ilə mübarizədə isə Suriya rəhbərliyi və Türkiyə rəhbərliyindəki region ölkələri rol almağa hazır görünür. Hətta Suriya rəhbərliyi ilə ABŞ arasında İŞİD ilə mübarizə mövzusunda artan əməkdaşlıq da nəzərə çarpır. Bu hadisələr YPG/PKK-nın ABŞ nəzdində əhəmiyyətini azaldır və ABŞ üçün Suriya rəhbərliyini yeni həmsöhbət kimi ön plana çıxarır. Bu vəziyyət Dəməşq və “SDQ” arasındakı danışıqlarda tarazlığın zamanla Suriya rəhbərliyi lehinə dönməsini təmin edəcək.

Suriya rəhbərliyi getdikcə önə çıxır

Suriya rəhbərliyi üçün Fəratın şərqinin nəzarət altına alınması kritik əhəmiyyət daşıyır, lakin rəhbərlik bu mövzuda təcili addım atmaq istəmir. Suriya rəhbərliyi hələ hərbi gücünü konsolidasiya etmək səyindədir və buna qarşılıq terror təşkilatı YPG/PKK uzun illərə dayanan ABŞ dəstəyi sayəsində əhəmiyyətli bir hərbi potensial yaradıb. Zamanla Suriya rəhbərliyi bu tarazlığı öz xeyrinə dəyişdirəcək, lakin Dəməşqin hazırda burada potensial problemi var. Bundan əlavə, rəhbərliyin fərqli prioritetləri var.

Bütün bunlara baxmayaraq, Suriya rəhbərliyi zamanla daha çox tanınır, iqtisadi və hərbi potensialı artır və daha çox xarici dəstək alır. Buna qarşılıq PKK/YPG Suriya torpaqlarını və təbii ehtiyatlarını qeyri-rəsmi olaraq işğal edən, Qərb nəzdində funksionallığını itirən bir aktora çevrilir.

Bundan əlavə, Suriya rəhbərliyi və Türkiyə PKK/YPG məsələsində oxşar həssaslıqlara malikdir. Türkiyə lazım olan hallarda Dəməşq rəhbərliyinə dəstək verməyə hazır şəkildə gözləyir. Bu proses zamanla PKK/YPG-nin tələblərinin səviyyəsini aşağı salacağına və problemin siyasi yollarla həll edilə biləcəyinə işarə edir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   PKK   Dəməşq  


Bizi "telegram"da izləyin